Azərbaycan, Bakı, 28 fevral /Trend/
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında London Yay Olimpiya Oyunlarına seçilən hakimlərin I nəzəri-praktiki seminarı ilə bağlı toplantı təşkil edilib.
Federasiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Dünya Taekvondo Federasiyasının (WTF) baş katibi Jan Mari Ayer çıxışndan sonra WTF prezidenti doktor Çunq Vo Çonun ATF prezidenti Kəmaləddin Heydərova təşəkkür diplomunu ATF-in I vitse-prezidenti Füzuli Musayevə təqdim edib.
WTF-in baş hakimi Şakir Çelbat, WTF-in Hakimlər Komitəsinin sədri Cey Li, WTF-nin İdman şöbəsinin icraçı direktoru da toplantı iştirakçılarına sözlərini çatdırıblar. Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, ATF-in inzibati binası WTF Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir Bakıya həvalə olunub. Martın 2-dək davam edəcək seminarda London Olimpiadasına seçilmiş bütün hakimlər iştirak edir. Beynəlxalq dərəcəli referilər 30 ölkəni təmsil edir.