...

Azərbaycanın "Baku Fires" boks komandası ilk məğlubiyyətinə uğrayıb

İdman Materials 3 Mart 2012 09:48 (UTC +04:00)
Hindistanın Mumbay şəhərində Venky’s Mumbai Fighters və Baku Fires komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə bir finalının ilk qarşılaşması baş tutub
Azərbaycanın "Baku Fires" boks komandası ilk məğlubiyyətinə uğrayıb

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir M.Əliyev/

Hindistanın Mumbay şəhərində Venky's Mumbai Fighters və Baku Fires komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə bir finalının ilk qarşılaşması baş tutub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Baku Fires komandasının mətbuat xidmətindən bildirilib.

Azərbaycan komandası 2:3 hesabı ilə məğlub olaraq mövsümdə ilk məğlubiyyətinə uğrasa da, yarımfinala yüksəlmək üçün şanslarını saxlayıb. Bunun üçün martın 10-da Bakıda keçiriləcək cavab matçında 4:1 hesabı ilə qalib gəlmək lazımdır. Baku Fires 3:2 hesabı ilə qalib gəldiyi təqdirdə isə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək çəki kateqoriyasında olan boksçular qarşılaşacaq.

Hindistan matçına müntəzəm mövsümün görüşlərindən fərqli olaraq, döyüşlər artan çəki kateqoriyası üzrə deyil, qarışıq aparılıb.

İlk olaraq rinqə Nikolay Veselov (73 kq) və Tomaş Yablonski çıxıb. Baku Fires-in beloruslu legioneri polyak rəqibindən üstün olub. Üç hakimdən ikisi qələbəni Veselova verib - 47:48, 50:45, 50:45. Veselov üçün bu üç matçda üçüncü qələbədir.

Təəssüf ki, ikinci Azərbaycan boksçusu Vətən Hüseynli (85 kq) məğlub oldu. Bu dəfə o ukraynalı Sergey Melnikə uduzub. Venky's Mumbai Fighters-in Hüseynlidən 5 yaş böyük olan 24 yaşlı boksçusunun xeyrinə hər üç hakim səs verib - 49:46, 48:47, 49:46.

Qaribek Qermaxanov (54 kq) öz qələbə seriyasını davam etdirir. O kifayət qədər təcrübəli rəqiblə - Asiya çempionatının mükafatçısı, 2008-ci il Olimpiadasının dörddə bir finalçısı Citender Kumarla qarşılaşıb. Döyüş dördüncü raunda - hesab Qermaxanovun xeyrinə 39:37, 38:38, 38:38 olan zaman saxlanılıb.

Semen Qrivaçev (61 kq) filippinli Çarli Suaresə məğlub olduqdan sonra qarşılaşmada hesab bərabərləşib - 47:48, 46:49, 46:49. Venky's Mumbai Fighters-in Hacı Murtuzəliyevə (+91 kq) qalib gəlmiş Yeni Zelandiyalı boksçusu matçda son nöqtəni qoyub - 49:46, 48:47, 48:47.

Xəbər lenti

Xəbər lenti