...

Yunis Hüseynov "Xəzər Lənkəran"ın sükanı arxasına keçdi

İdman Materials 15 Mart 2012 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir B.Hacıyev/

"Xəzər Lənkəran" futbol klubu yeni baş məşqçi ilə anlaşıb.

Trend-in klubun saytına istinadən yaydığı məlumata görə, bu vəzifəyə Azərbaycanın əfsanəvi futbolçusu və təcrübəli PRO kateqoriyalı mütəxəssis Yunis Hüseynov təyin olunub. Onunla bu gün "Xəzər Lənkəran" FK-nın ofisində 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli "Kəpəz"də başlayıb, daha sonra 1984-cü ildən Bakının "Neftçi" klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən "Kəpəz" klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb. Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, "Neftçi"nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçı titullarının sahibidir. Həmçinin, Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.

Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdə qərarlaşıb.

Məşqçi karyerasını Yunis Hüseynov Yevlaxın "Karvan" klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adıçəkilən komanda 2004/2005 və 2005/2006 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan "Karvan" hətta Slovakiyanın "Spartak" (Tırnava) komandasına qalib gələrək mərhələ adlamışdı.

2007-ci ildə Yunis Hüseynov Bakının "Standard" klubunun sükanı arxasına keçib, ancaq bir müddət sonra yenidən "Karvan"a dönüb və bu klubdan 2008/2009 mövsümünün axırında ayrılıb. Həmin vaxtdan heç yerdə rəsmi işləməyib.

Xəbər lenti

Xəbər lenti