...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun marşrutu açıqlanıb

İdman Materials 19 Aprel 2012 16:17 (UTC +04:00)
Heydər Əliyevin xatirəsinə həsr olunan və 23 yaşadək velosipedçilər arasında keçiriləcək velotur 9-13 may 2012 il tarixlərində baş tutacaq.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun marşrutu açıqlanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Heydər Əliyevin xatirəsinə həsr olunan və 23 yaşadək velosipedçilər arasında keçiriləcək velotur 9-13 may 2012 il tarixlərində baş tutacaq. Beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq. Velotur Bakı şəhərində komanda yarışı ilə başlayacaq. Komanda yarışından sonra peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək və orada növbəti üç mərhələ keçiriləcək. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq. Yarış marşrutu çoxsaylı beynəlxalq turların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılmışdır.

I mərhələ: Bakıda komanda sınaq yarışı (30 km)
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Azərbaycanın paytaxtı Bakı şəhərində 30 kilometrlik məsafədə komanda sınaq yarışları ilə açılacaq. Velosipedçilər turu Azadlıq meydanından başlayıb orada da başa çatdıracaqlar. Bu mərhələ, demək olar ki, tamamilə enişsiz-yoxuşsuz marşrut üzrə keçiriləcək. Velosipedçilərə yalnız Xəzərdən əsən Gilavar müəyyən çətinlik yarada bilər.

II mərhələ: Bakı - İsmayıllı (176 km)
Komanda yarışlarından sonra velosipedçilər 2-ci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 km. məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər. 150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya - finiş xəttinə istiqamətlənəcək.

III mərhələ: Qəbələ - Qəbələ (160 km)
3-cü mərhələ 20 kilometrlik enişli yolla başlayacaq. Sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə gələcəklər. 160 kilometrlik çətin keçilən məsafəni geridə qoyan yarış iştirakçıları 782 metrlik yoxuşlu yolla finiş xəttinə çatacaqlar.

IV mərhələ: İsmayıllı - Qəbələ (114 km)
Dördüncü mərhələnin başlanması üçün iştirakçılar İsmayıllıya qayıdacaqlar. 35 kilometrdən sonra pelaton Qəbələyə çatacaq. Burada yarış iştirakçıları 12 dövrə vuracaqlar. İdmançıları çətin sınaq gözləyir - onlar hər dövrə çərçivəsində 798 metrlik hündürlüyə qalxacaqlar.

V mərhələ: Bakı - Bakı (123 km)
Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun sonuncu - beşinci mərhələsinin keçirilməsi üçün iştirakçılar Bakıya qayıdacaqlar. Velosipedçilər hər biri 12.3 kilometr olan 10 dövrə vurduqdan sonra yarış başa çatdıracaqlar. Bu mərhələdə sprinterlərə öz məharətlərini göstərmək üçün gözəl fürsət yaranacaq.

Yarış haqqında
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaqdır.

Yarış Azərbaycan Velosiped idmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti