...

FİFA qərarını dəyişdi: "Xəzər Lənkəran" ölkə çempionu ola bilər

İdman Materials 26 Aprel 2012 10:01 (UTC +04:00)
Bu gün "Xəzər Lənkəran" futbol klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb.
FİFA qərarını dəyişdi: "Xəzər Lənkəran" ölkə çempionu ola bilər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün "Xəzər Lənkəran" futbol klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda "Xəzər Lənkəran" FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun ləğv olunması qeyd edilib.

Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və "Xəzər Lənkəran" FK-nın 6 xalının dərhal bərpa edilməsini ölkənin ali futbol qurumundan tələb edib.

Həmin 6 xalın geri qaytarılması isə AFFA-nın müvafiq komitələrinin növbəti yığıncağında rəsmiləşəcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və aktivində 48 xalı var. Hazırkı vəziyyətdə Lənkəran təmsilçisini lider "Neftçi"dən 12 xal ayırır. Qərar rəsmiləşdikdən sonra isə bu fərq 6 xala enəcək.

Xəbər lenti

Xəbər lenti