Gürcüstan, Tbilisi, 25 may /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatını birgə qəbul etmək üçün real şansları var. Trend-in məlumatına görə, bunu Gürcüstanın "Mirovoy sport" idman qəzetinə Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava bildirib.
O, Azərbaycanın 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı Gürcüstanın ərizəsinə qoşulması barədə məlumatı təsdiqləyib.
"Razılaşma əldə olunub. Mayın 15-də Gürcüstanın UEFA-ya verdiyi fərdi ərizə qüvvədə qalır, Azərbaycan isə bizim kvotamıza qoşulur", - o deyib.
Siçinava qeyd edib ki, Gürcüstan dövlətinin Avropa çempionatının ölkədə keçirilməsi uğrunda mübarizə aparmaq üçün iradəsi var və bunun üçün hakimiyyət futbol infrastrukturunu inkişaf etdirməyə hazırdır.
"Bizim bu qərarımızı yalnız müsbət tərəfdən qiymətləndirmək olar, hamı ölkədə futbolun inkişafına kömək edir, Azərbaycanın bu layihədə iştirakı bizim ümidlərimizi daha da gücləndirir", - o bildirib.
Qeyd edək ki, Gürcüstan Futbol Federasiyasının baş sponsoru ARDNŞ-dir (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti).