...

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib

İdman Materials 14 İyun 2012 10:40 (UTC +04:00)
Xorvatiyanın paytaxtı Zaqrebdə iyunun 19-24-də gənc güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Xorvatiyanın paytaxtı Zaqrebdə iyunun 19-24-də gənc güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda hər 3 güləş növü üzrə yığma komandalarımız da iştirak edəcək. Təlim-məşq toplantılarının yekununa əsasən, məşqçilər koprusu Zaqrebdə Azərbaycanın idman şərəfini qoruyacaq güləşçiləri müəyyənləşdiriblər.

Avropa çempionatının proqramına əsasən, iyunun 19-20-də sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Xorvatiyaya Ruslan Qasımov (50 kq), Qalib Əliyev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Bəxtiyar İsrafilli (66 kq), Elcan Usubzadə (74 kq), Pərviz Axundov (84 kq), Səid Həmidov (96 kq) və Əli Maqomedibirov (120 kq) yollanacaqlar.

Növbəti 2 gün, yəni iyunun 21-22-də gənc qızlarımız böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun başçılığı altında Avropa çempionatının medalları uğrunda yarışacaqlar. Heyətə Hanna Pavliv (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq) və Darya Korin (67 kq) daxil edilib.

Avropa çempionatının son 2 günündə isə (23-24 iyun) yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyev yığma komandanın heyətinə Murad Bazarov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq) və Zaur Mehrəliyevi (120 kq) daxil edib.

Beynəlxalq dərəcəli referi İntiqam Əliyev ölkəmizi hakim kimi Avropa birinciliyində təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti