...

Hər şey bir həftə sonraya qaldı... (ƏLAVƏ OLUNUB)

İdman Materials 19 İyul 2012 23:00 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan Azərbaycan komandalarının hər ikisi meydandan sülhlə ayrıldı.
Hər şey bir həftə sonraya qaldı... (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan Azərbaycan komandalarının hər ikisi meydandan sülhlə ayrıldı.

Trend-in məlumatına görə, ilk olaraq meydana çıxan "Xəzər Lənkəran" Polşanın "Lex" komandası ilə qarşılaşdı.

Lənkəran şəhər Mərkəzi stadionunda keçirilən oyun minimal hesablı bərabərliklə başa çatdı.

Hesabı ilk olaraq meydan sahibləri açdı. Matç başlayandan cəmi üç dəqiqə sonra Branimir Subaşiç "Xəzər Lənkəran" azarkeşlərini sevindirdi. Lakin qonaqların cavabı özünü çox gözlətmədi. 18-ci dəqiqədə Matevzs Mozdren "Lex"in bərabərlik qolunu vurdu.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edirdi.

Cavab oyunu iyulun 26-da Polşanın Poznan şəhərində keçiriləcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" dörd il öncə də "Lex"lə qarşılaşmışdı. UEFA kuboku çərçivəsində keçirilən hər iki matçda Lənkəran təmsilçisi Polşa komandasına məğlub olmuşdu.

"İnter" isə "Dalğa Arenada" Yunanıstanın "Asteras" komandası ilə qarşılaşdı. Bu oyun da 1:1 hesablı bərabərliklə başa çatdı.

Görüşün ilk qolu meydan sahiblərindən gəldi. Tales Şütz 46-cı dəqiqədə yunanları məyus etdi. Bundan az sonra rəqib hesabda tarazlığı bərpa etdi. 54-cü dəqiqədə qonaq oyunçulardan Emanuel Perrone fərqləndi.

Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edirdi.

Cavab görüşü bir həftə sonra Yunanıstanın Tripoli şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti