Azərbaycan, Bakı, 10 avqust /Trend/
Londonda keçirilən Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Trend-in məlumatına görə, güləş yarışlarının altıncı günü 74 kq çəkidə sərbəst güləşçimiz Əşrəf Əliyev olimpiadada mübarizəyə qoşulub.
İlk görüşündə (1/16 final) Əliyevin rəqibi Yaponiya təmsilçisi Soşuke Takatani olub.
Hər iki hissə təmsilçimizin xeyrinə başa çatıb (1:0, 1:0).
Əliyev 1/8 final mərhələsində rusiyalı Denis Tsarquş ilə qarşılaşıb.
İlk hissədə rəqibinə qalib gələn (1:0) güləşçimiz ikinci hissədə bu uğurunun davamını gətirə bilməyib (0:1).
Üçüncü hissədə də rusiyalı güləşçi üstün olub (0:1)
Tsarquş 1/4 finalda ABŞ idmançısına məğlub olduğundan, Əliyevin bürünc medal qazanmaq şansı heçə enib.