...

Elxan Məmmədov: U-17 qadınlararası dünya çempionatının dünyanın bir çox ölkəsində yayımlanması Azərbaycanın təbliğatı baxımından əhəmiyyətlidir

İdman Materials 9 Oktyabr 2012 11:06 (UTC +04:00)
Mundialın oyunlarının dünyanın bir çox ölkəsində yayımlanması beynəlxalq aləmdə ölkəmizin təbliğatının aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir
Elxan Məmmədov: U-17 qadınlararası dünya çempionatının dünyanın bir çox ölkəsində yayımlanması Azərbaycanın təbliğatı baxımından əhəmiyyətlidir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi bəyan edib ki, sentyabrın 22-də start götürən və artıq başa çatmaq üzrə olan FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 oyunları istər beynəlxalq futbol qurumlarının, istərsə də ölkə futbol ictimaiyyətinin diqqət mərkəzində olaraq böyük maraqla izlənilir.

"Mundialın oyunlarının dünyanın bir çox ölkəsində yayımlanması beynəlxalq aləmdə ölkəmizin təbliğatının aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir", - Trend-in məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi, FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov mətbuata açıqlamasında deyib.

O, mundialın açılışında FIFA prezidenti Yozef Blatterin iştirak etdiyini xatırladaraq, sonrakı günlərdə qurumun vitse-prezidentləri İssa Hayatou və eyni zamanda, Okeaniya Futbol Konfederasiyasının prezidenti David Çunq və digər rəsmi şəxslərin ölkəmizdə səfərdə olduqlarını deyib.

"Onlar da dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə futbolun inkişafı ilə bağlı böyük işlərin görüldüyünü bildirdilər. Onu da qeyd edək ki, qonaqların bəziləri Azərbaycana ilk dəfə gələrək ölkəmiz barədə ətraflı məlumat əldə etdilər", - baş katib əlavə edib.

Bu gün keçiriləcək yarımfinal oyunlarından sonra finalçılar müəyyənləşəcək.

Məmmədovun sözlərinə görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final qarşılaşmasında da FIFA və UEFA rəsmilərinin iştirakı nəzərdə tutulub.

"Oktyabrın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final qarşılaşmasında azarkeşləri stadiona dəvət edir, əsl futbol bayramı ab-havasını yaşamağa səsləyirik", - baş katib bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti