...

Azərbaycan boksçuları Yerevanda keçirilən dünya birinciliyində ¼ finala yüksəliblər (ƏLAVƏ OLUNUB)

İdman Materials 3 Dekabr 2012 17:54 (UTC +04:00)
Ermənistanın paytaxtı Yerevanda gənclər arasında boks üzrə dünya birinciliyi davam edir.
Azərbaycan boksçuları Yerevanda keçirilən dünya birinciliyində ¼ finala yüksəliblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Ermənistanın paytaxtı Yerevanda gənclər arasında boks üzrə dünya birinciliyi davam edir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu gün ilk olaraq boksçularımızdan Pərviz Bağırov (64 kq) rinqə çıxıb. O, 1/8 final mərhələsində Almaniya boksçusu Marsel Orsingerlə qarşılaşıb. İlk raunddan üstünlüyü ələ alan gənclər arasında Avropa çempionumuz ilk hissədə 7:1 hesabı ilə üstün olub. İkinci raund da boksçumuzun eyni hesablı qələbəsi ilə başa çatıb.

Bağırov həlledici raunda rahat çıxmasına baxmayaraq, bu dəfə də rəqibinə daha çox dəqiq zərbə endirib - 6:1. Ümumi hesabda 20:3 hesabı ilə qalib gələn Bağırov ¼ finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi litvalı Eimantas Stanionis olacaq.

Orxan Mayıllı (75 kq) 1/8 final mərhələsində venesuelalı Nalek Korbaj Barrera ilə qarşılaşıb. Birinci raund boksçumuzun 5:3 hesablı üstünlüyü ilə yekunlaşıb. Mayıllı ikinci hissədə də eyni hesabla qalib gəlib. Nəhayət, həlledici raunda həmyerlimiz daha inamlı döyüşüb - 6:2.

Nəticədə 16:8 hesabı ilə qalib gələn Orxan Mayıllı ¼ finala vəsiqə əldə edib.

Bu gün boksçularımızdan son olaraq Tural Əhmədov (52 kq) rinqə çıxacaq. Onun rəqibi hindistanlı Dheeraj olacaq. Dheeraj aəzrbaycanlı idman severlərə də yaxşı tanış olan boksçudur. O, 2011-ci ildə Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 3-cü yeri tutmuşdu. Hindistan nümayəndəsi 2010-cu ildə isə Türkiyədə Əhməd Comərd turnirində 1-ci yeri tutarkən, yarımfinalda milli komandamızın digər üzvü Fərid İsmayılovu məğlub etmişdi.

Qeyd edək ki, 91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli də artıq ¼ finala vəsiqəni təmin edib. Millimizin üzvü 1/8 finalda venesuelalı Alfonso Floresi 13:6 hesabı ilə üstələyib. Məmmədlinin növbəti rəqibi İngiltərə idmançısı Daniel Uilyams olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti