Azərbaycan, Bakı, 12 mart /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, "Bakı" "Neftçi"ni qəbul edib. Birinci hissənin 44-cü dəqiqəsində Araz Abdullayev neftçiləri önə keçirib. 76-cı dəqiqədə "Bakı"nın heyətində L.Horvat penalti zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq, düz 7 dəqiqə sonra Mariuş Pena hesaba tarazlıq gətirib (1:1). Matç elə bu hesabla da başa çatıb.
Bakıda keçirilən digər oyunda isə "Rəvan" "Xəzər Lənkəran"la qarşılaşıb. Matçın 76-cı dəqiqəsində lənkəranlılar azlıqda qalıblar - Elnur Abdullayev qırmızı vərəqə alıb. Oyunun son dəqiqələrində X.Varera "Rəvan"a qələbə gətirən qola imza atıb (1:0).
Günün son qarşılaşması Zaqatalada keçirilib. "Simurq" öz meydanında "Qarabağ"ı qəbul edib. Rəşad Eyyubov 32-ci dəqiqədə "Simurq"u önə keçirib (1:0). 81-ci dəqiqədə Eyyubov daha bir hadisə ilə yadda qalıb - hakimdən qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin "Qarabağ" "Simurq"un qapısına yol tapa bilməyib.
Premyer Liqanın digər iki oyunu martın 13-də keçiriləcək.