Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
2020-ci il futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ölkənin tanıdılması və Azərbaycan futbolunun inkişafı üçün gözəl imkandır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
"Ən əhəmiyyətlisi bundan ibarətdir ki, bizdən, sonuncu dəfə Avropa çempionatını keçirən Polşa və Ukrayna kimi böyük maliyyə vəsaitləri hesabına başa gələn 6, 8, 12 yeni stadionun tikintisi tələb olunmur". Nazir bunu cümə axşamı jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı barədə sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, əgər Bakının namizədliyi təsdiqlənsə, hazırda tikintisi davam edən, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya stadionu Avropa çempionatının oyunlarını keçirmək qabiliyyətinə malik olacaq.
Nazir vurğulayıb ki, əgər qitə birinciliyinin keçirilməsi bir neçə ölkə arasında bölünsə, onda bizdə, həmçinin beynəlxalq standartlara cavab verən, əsaslı təmir edilən Tofiq Bəhramov adına Respublika stadionu da var.