Azərbaycan, Bakı, 3 avqust /Trend/
Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Panevejis-2014" turniri davam edir. Velosiped idmanının trek növü üzrə keçirilən yarışının 2-ci günü Azərbaycan yığma komandası üçün 1 qızıl və 1 gümüş medalla əlamətdar olub.
Trend-ə daxil olmuş məlumata görə, ilk yarış günü kişilər arasında 200 metr məsafəyə sprint yarışında 3-cü yeri tutmaqla 64 reytinq balı əldə edən Sergey Omelçenko bu dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Keyrin yarışlarında mübarizə aparan velosipedçimiz yarımfinal mərhələsində finişi birinci keçməklə əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüşdə isə Omelçenko yalnız yerli idmançıdan geri qalmaqla gümüş medala layiq görülüb. Yeri gəlmişkən, bununla da velosipedçimiz daha 72 reytinq balı qazanıb və Dünya Kubokunda iştiraka doğru önəmli addım atıb.
Daha sonra keyrində mübarizəyə qadın idmançılar qoşulublar. Millimizin lideri Olqa İsmayılova həm yarımfinal, həm də final yürüşündə bütün rəqiblərini qabaqlamaqla yığmamıza qızıl medal qazandırıb və 80 reytinq balına layiq görülüb. Bununla da O. İsmayılova bu ilin noyabrında Meksikada keçiriləcək Dünya Kubokunda iştirak üçün lazım olan xal ehtiyatını tamamlayıb. Dünya Kubokundan öncə isə xanım idmançımız, eləcə də yığmamızın digər üzvləri Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.
"Panevejis-2014" turnirinə bu gün yekun vurulacaq.