Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Bakıda polo üzrə Dünya Kuboku yarışına yekun vurulub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, paytaxtımızda ikinci dəfə təşkil olunan turnirin qalibi Argentina komandası olub. "Binə Atçılıq Mərkəzi"nin Polo arenasında keçirilən yarışda Azərbaycanla yanaşı, Argentina, Amerika Birləşmiş Ştatları və Avropa daxil olmaqla dörd peşəkar komanda iştirak edib.
Dünya Kubokunun sonuncu günü turnirin qalibi və mükafatçıları məlum olub. Əvvəlcə 3-cü yer uğrunda Azərbaycan və ABŞ komandaları qarşılaşıblar. Görüş Azərbaycan polo komandasının 8-4 hesablı qələbəsi ilə yekunlaşıb.
Final matçında isə Avropa və Argentina komandaları üz-üzə gəlib. 1 il əvvəl həlledici görüşdə Avropa təmsilçilərinə uduzan cənubi amerikalılar bu dəfə qələbə qazanıblar. Argentina təmsilçiləri 8-5 hesabı ilə qalib gəliblər.
Beləliklə, Argentina komandası polo üzrə 2-ci Dünya Kuboku yarışının qalibi olub. Avropa komandası ikinci, Azərbaycan seçməsi isə 3-cü yeri tutub.