Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən qayayadırmanma üzrə açıq respublika çempionatı başa çatıb.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 80-ə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.