Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Bu gün Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan və İsveç yığmaları iştirak edirlər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıblar. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıblar. Qadın güləşçilərimiz hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada tamamlayıblar.
Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşacaqlar.
Beləliklə, Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final görüşü Azərbaycan və Rusiya yığmaları arasında olacaq. Final görüşü 8 noyabr saat 17:30-da başlayacaq.
Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparır. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıblar.