Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında ¼ finalçıların adları məlum olub.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın 3 üzvü ¼ finalda mübarizə aparmaq hüququ qazanıb. Yelena Vıstropovadan sonra daha iki boksçumuz - Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər. A.Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib - 2:0. Boksçumuz ¼ finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.
Y.Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb - 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.
Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) ¼ finala vəsiqə qazanmışdı. ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.