Azərbaycan, Bakı, 23 aprel /Trend/
7 qat dünya çempionu Mixael Şumaxer ağır zədədən sonra müalicəsini evdə davam etdirir. Lakin keçmiş idmançının meneceri Sabina Kem media nümayəndələrinin əlindən artıq təngə gəldiklərini bildirib. Bu barədə Trend Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən məlumat verir.
Onun sözlərinə görə, M.Şumaxerlə bağlı informasiya almaq uğrunda sanki rəqabətə girən jurnalistlər hər cür üsula əl atır, keçmiş pilotun sağlamlığı ilə bağlı hətta dəqiqləşdirilməmiş məlumatlar belə dərc edirlər. S.Kem, xüsusən, Almaniya və İsveçrənin kütləvi informasiya vasitələrinə müntəzəm məktubla müraciət edir və onları məhkəmə ilə hədələyir. Menecer məsələ ilə bağlı daha ciddi addımlar atacağını bildirib.
Şumaxerlər ailəsinin, xüsusən də veteran pilotun gizli məlumatları yayılmasın deyə, S.Kem qulluqçularla da müqavilə imzalayıb.
Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında istirahət zamanı yıxılaraq başından ciddi zədə almışdı.