...

Avarçəkənlərimiz dünya çempionatından əliboş qayıdırlar

İdman Materials 27 İyul 2015 20:16
Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına yekun vurulub.
Avarçəkənlərimiz dünya çempionatından əliboş qayıdırlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına yekun vurulub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günündə Azərbaycanın 2 təmsilçisi 10-cu yer uğrunda mübarizəyə imkan verən B finalında çıxış edib.

23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə qatılan Mirnazim Cavadov finişə 36,140 saniyəyə çataraq B finalını 3-cü pillədə başa vurub. Ümumi sıralamada isə o, 12-ci yeri tutub. Serbiyalı Marko Draqoslavlyeviç (35 saniyə) qızıl, almaniyalı Feliks Köniq (35,384 saniyə) gümüş, macarıstanlı Balaş Birkaş (35,480 saniyə) bürünc medala sahib olub.

23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşündə isə Nikita Sablin çıxış edib. O, finişə 42,204 saniyəyə çataraq B finalını 8-ci, çempionatı isə 17-ci yerdə başa vurub. Qalib adını Bakı-2015 I Avropa Oyunlarında da qızıl medal əldə etmiş litvalı Henrikas Justautas qazanıb. H.Justautas finişə 36,816 saniyəyə çatıb.

Azərbaycan millisinin sabiq üzvü, hazırda Rusiya yığmasında çıxış edən Andrey Kraytor 38,828 saniyə nəticə ilə gümüş, çexiyalı Martin Fuksa isə 39,424 saniyə göstərici ilə bürünc medal qazanıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 2 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti də təmsil edib. Lakin onlar yarımfinalda finişə çata bilməyərək, mübarizəni dayandırıblar.

Xəbər lenti

Xəbər lenti