...

Yeniyetmə güləşçilərimiz Dünya çempionatında bürünc limitini doldurdular (FOTO)

İdman Materials 31 Avqust 2015 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İlkin İzzət/

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, çempionatın son günlərində sərbəst güləşçilər yarışıb. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edib.

Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq)) medal qazanıb.

Çempionatın son günündə isə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

63 kq çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Yaponiyalı rəqibinə qalib gəlib və Dünya çempionatını fəxri kürsünün üçüncü pilləsində başa vurub.

76 kq çəki dərəcəsində təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib, ancaq 1/4 finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz CAR idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Əhliman İran təmsilçisinə də tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə 1 qızıl (Leyla Qurbanova (52 kq)), 2 bürünc (Zelfira Ələkbərli (38 kq)) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti