...

Azərbaycan millisi "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirə qələbə ilə start verdi (FOTO)

İdman Materials 6 May 2016 11:59 (UTC +04:00)
Azərbaycan millisi mötəbər beynəlxalq turnirə böyük hesablı qələbə ilə start verdi.
Azərbaycan millisi "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirə qələbə ilə start verdi (FOTO)

Bakı. Trend:

Bu gün Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirinin ilk günündə Azərbaycan millisi böyük hesablı qələbə ilə azarkeşləri sevindirib. Belə ki, su poloçularımız Moldova millisinə 16-5 hesabı ilə qalıb gəlib.

Bu barədə məlumatı Trend-ə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, Azərbaycan vaterpolçuları 4 raund ərzində rəqibə şans verməyərək gözəl oyun nümayış etdiriblər.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev bildirib ki, bu gün Azərbaycan, Moldova, Rumıniya və İsveçrə vaterpolçuları Avropanın ən yaxşı su idmanı növləri saraylarının birində iki komandanın qitə birinciliyinin final mərhələsinə keçmə hüququ uğrunda mübarizəyə başlayırlar: "Mənəvi böhranın bir çox ölkəni əhatə etdiyi mürəkkəb dövrümüzdə 2016-cı il növbəti XXXI Olimpiya oyunları ili və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə elan etdiyi Multikulturalizm İli oldu. Bu tarixi hadisələr - Azərbaycan olimpizmi və multikulturalizmi dünyada müxtəlif xalqların mədəniyyətlərinin ən yaxşı xüsusiyyətlərini əks etdirir. İdman və siz idmançılar bu dünyaya bir-birimizə qarşı dostluğu və humanizm münasibətlərini möhkəmləndirən qarşılıqlı hörmət və sülhsevərliyi gətirirsiniz".

Həmçinin, Federasiyadan onu da bildiriblər ki, turnirin digər qarşılaşması isə Rumıniya və İsveçrə yığmaları arasında keçirilib. Peşəkar oyunu ilə seçilən rumınlar isə İsveç yığmasından güclü olublar 19-5.

Turnirin ikinci günü, mayın 6-da isə Azərbaycan millisi İsveç yığması ilə güclərini sınayacaq. Azərbaycan millisi bu oyunda da qalıb gələcəyi tədqirdə su polosu üzrə U-19 Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanacaq. Sabah digər qarşılaşma isə Rumıniya-Moldova komandaları arasında olacaq.

Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Azər Babayev jurnalistlərə aşıqlamasında bildirib ki, bu turnirə çox ciddi hazırlaşıblar: "Bu çox mötəbər bir yarışdır. Həm ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirdır, həm də su polosu üzrə U-19 Avropa çempionatının seçmə mərhələsinin kvalifikasiya turniridir. Əgər bu yarışda birinci iki yerdən birini qazana bilsək, su polosu üzrə U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış olaca. Bunu bacarsaq Azərbaycan su polosu tarixində əb böyük nailiyyət olacaq. Bu gün Moldova millisinə qalıb gəlməklə bu istiqamətdə vacib addımlardan birini atdıq. Digər qarşılaşmalara da yalnız qələbə üçün çıxacağıq".

Məlumat üçün bildirək ki, mayın 5-də start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirində Azərbaycan vaterpolçuları ilə yanaşı Moldova, Rumıniya və İsveçrə komandaları da iştirak edirlər. Bu turnir çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə turniri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti