Bakı. Maksim Tsurkov - Trend:
Sabah yarışda rəqabət apara bilmək üçün komanda böyük iş görməlidir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Williams" komandasının pilotu Felipe Massa deyib.
Onun sözlərinə görə, Bakı şəhər trası Rusiyadakı trasa oxşayır: "Trasın çox dar hissəsi var, digər hissəsi isə çox uzun düz yoldur. Bu, çox maraqlı trasdır".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.