...

Olimpiya çempionu: Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır (FOTO)

İdman Materials 16 Fevral 2017 18:29 (UTC +04:00)
Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır.
Olimpiya çempionu: Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Belarusun batut gimnastikası üzrə milli komandası Dünya kubokunda yüksək səviyyədə çıxış etməyə hazırdır.

Bu sözləri Trend-ə 2016-cı il Olimpiya çempionu Vladislav Qonçarov deyib.

O, turnirə yaxşı hazırlaşdıqlarını deyib: “Ümid edirik ki, biz ən yüksək nəticə göstərəcəyik. Konkret bir şey demək tezdir. Görək, rəqiblərimiz hansı formadadır. Şanslarımızı yarışın gedişatında müəyyən edəcəyik”.

V.Qonçarov qeyd edib ki, bu onun Bakıda ikinci yarışıdır: “Burada çox yaxşı şərait yaradılıb, bütün batutları və ümumilikdə gimnastika arenasını sınaqdan keçirməyi səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti