Bakı. Maksim Tsurkov - Trend:
"Hesab edirik ki, komandamızın Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında medal qazanmaq üçün yüksək şansları var".
Bunu Trend-ə Türkiyə yığmasının məşqçisi Ayşin Erten deyib.
O, türkiyəli idmançıların uğurla çıxış edəcəyinə ümid edir:
"Bədii gimnastikada ən azı bir medal qazanacağımıza ümid edirik. Cəmi üç gimnast gətirmişik - Selen Bektaş, Ecem Cankaya və Başak Nida Karaevli".
Məşqçi qeyd edib ki, Azərbaycan Türkiyə üçün xüsusi və qardaş ölkədir:
"Mən yerli idmançılara xüsusi rəğbət bəsləyirəm. Sizin yığmanızın baş məşqçisi Mariana Vasileva vaxtilə mənim məşqçim olub. Mən ona çox dəyər verirəm və bizim üçün yaradılan şəraitə görə minnətdaram. Çox sevinirəm ki, İslam Həmrəyliyi Oyunları məhz burada keçirilir və bizim iştirak etmək imkanımız var, belə ki, bədii gimnastika ilk dəfə proqrama daxil edilib. Bakıda hər şey həmişə kimi ən yüksək səviyyədədir".
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.