...

ABL Yaz Kuboku 2017/2018, 2-ci tur: İlk 1/8 finalçılar, debütantların ilk qələbələri və müəmmalı qol yağışı (FOTO/VİDEO)

İdman Materials 16 Aprel 2018 15:39 (UTC +04:00)
Həftə sonu ABL Yaz Kuboku 2017/2018 Qrup mərhələsinin növbəti ikinci turunun oyunları keçirilib.
ABL Yaz Kuboku 2017/2018, 2-ci tur: İlk 1/8 finalçılar, debütantların ilk qələbələri və müəmmalı qol yağışı (FOTO/VİDEO)

Bakı. Trend:

Həftə sonu ABL Yaz Kuboku 2017/2018 Qrup mərhələsinin növbəti ikinci turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, maraqlı nəticələrin qeydə alındığı bu turda, həmçinin bəzi suallara aydınlıq gətirilib.

E qrupunda növbəti mərhələyə adlayan hər iki komandanın adları artıq məlum olub. İlk oyunda ağır məğlubiyyət alan “İteca Caspian LLC” bu oyuna favorit qismində çıxan “DDLAR Group”la qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Hesabda 2-0 önə keçən “İteca Caspian LLC” hətta fasiləyə 3-2 hesablı üstünlüklə yollanıb, lakin ikinci hissədə bu üstünlüyü əldən verib və minimal fərqlə məğlub olub, 3-4. Bununla da komanda növbəti mərhələyə çıxmaq şansını itirib.

Digər matçda ilk oyunda böyük hesablı qələbə qazanan “Polat Yol” bu dəfə də oxşar nəticəyə imza atıb. “TreMiDa Press”in qapısından 10 top keçirən “Polat Yol” rəqibinin növbəti mərhələ çıxmaq ümidlərinə son qoyub. Mətbuatçılar prestij qolunu vurmağa nail olublar. Oyun 10-1 hesabı ilə yekunlaşıb və Şirin Kərimov het-trikin müəllifi olub.

Son turda oynanılacaq “DDLAR Group”-“Polat Yol” qarşılaşması qrupun liderini müəyyənləşdirəcək

F qrupunda “Azersun” komandası “VTB” ilə qarşılaşmada rəqibini 9-1 hesabı ilə darmadağın edib. Komandanın 9 qoluna cəmi üç oyunçu imza atıb və bombardir Eyyub Əfəndiyev bu dəfə inanılmaz sayda 6 qol vuraraq heksa-trik edib. Bu nəticədən sonra “Azərsun”un da növbəti mərhələdə iştirakını təmin edib.

İlk turda rəqibini ağır məğlubiyyətə uğradan “VTB” komandası isə bu dəfə özü ağır məğlubiyyət acısını dadıb.

Qrupdakı ikinci matçda “Muğanbank” autsayder “R.İ.S.K. Company”ni məğlub edib. “R.İ.S.K. Company” oyuna fəal başlasa da güclü rəqibinə müqavimət göstərə bilməyib. Oyun 8-3 hesabı ilə başa çatıb.

Bu nəticələrdən sonra son turda keçiriləcək “Muğanbank”-“VTB” qarşılaşması güman ki qrup ikincisini bəlli edəcək.

G qrupunda oynanılan qarşılaşmada “Azergold” 6-3 hesabı ilə “Gilan Holding”ə qalib gəlib və parallel keçirilən matçın nəticəsinə əsasən “Azergold”un növbəti mərhələyə adlaması rəsmiləşib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Azergold”un oyunçusu Yamin Ağakərimzadə bu dəfə də het-trikə imza atıb.

“SilkWay”-“Optimal” matçı birincilərin üstünlüyü ilə keçib. İpəkyolçuların 9-3 hesabı ilə qələbə qazanmasında poker edən Cəlal Səmədov böyük pay sahibi olub. Məğlubiyyətə və növbəti tura çıxmaq şansını itirməsinə baxmayaraq, türnirdə debüt edən “Optimal” komandası ümumilikdə xoş təsir bağışlayıb.

H qrupundakı qarşılaşmada birinci turda qələbə qazanan iki komanda üz-üzə gəlib. Bu matçda “TİMSPORT” üzərində qələbə qazanan “Təmiz Şəhər” komandası liderliyə yüksəlib. Qarşılaşma 9-4 hesabı ilə yekunlaşıb. Qalib komandada Vüqar Cəfərov het-trik edib, Şamil Ağamətov isə bir qol vurmaqla yanaşı altı qolun da assistenti olub.

Günün ən maraqlı qarşılaşması bu qrupda mübarizə aparan digər iki komanda arasında olub. “Port Baku” və “Təhsil Nazirliyi” futbolsevərlərə qarşılıqlı hücümlarla və qollarla zəngin oyun izlədiblər. İlk turda məğlub olmuş hər iki komandanın mübarizəsində turnirin debütantı “Təhsil Nazirliyi” 7-5 hesabı ilə qələbə qazanıb. “Port Baku”da Murad İskəndərli, “Təhsil Nazirliyi”ndə isə Savalan Əlizadə het-trik ediblər. “Təhsil Nazirliyi” bu nəticəylə bir ilkə imza atıb. Belə ki, debütant komandalar arasında ilk qələbə qazanan komanda məhz onlar olublar.

Hazırda dörd komandanın da növbəti mərhələyə adlamaq şansı var və qrupda hər şey son turda aydınlaşacaq.

Oyunların ikinci günü əvvəlcə A qrupunun komandaları meydana çıxıblar.

“Azecolab” “Bakcell” ilə matçda çox inamlı təsir bağışlayıb. Komanda güclü qolkiperə və texnikalı oyunçulara malikdir, oyun boyu topa nəzarət edir, oyunçular texnikalı fəndləri ilə izləyicilərə gözə xoş görünən futbol nümayiş etdirirlər. “Azecolab” bir daha turnirin favoriti olduğunu isbat edərək 5-2 hesabı ilə qələbə qazanıb və növbəti mərhələyə çıxıb. Elvin Əlizadə və Sənan Zülfüqarov dubl ediblər, Samir Bayramov üç qolun assistenti olub. Məğlubiyyətə baxmayaraq, oyunda hesabı məhz “Bakcell” açıb və rəqib qapısı önündə təhlükəli epizodlar yaradıb, lakin “Azecolab”ın qapıçısı Kamran Dadaşov komandasını dəfələrlə qoldan xilas edib.

Digər matçda ilk turda aldıqları məğlubiyyətlərdən sonra qrupda iddialarını davam etdirmək üçün qələbəyə su və hava kimi ehtiyacları olan iki komanda – “KATV1” və “Gənclər və İdman Nazirliyi” qarşılaşıblar. Meydançada son saniyəyə qədər gərgin və maraqlı futbol nümayiş olunub. Nazirlik komandası ilk 11 dəqiqəni 2-0 hesabı ilə öndə tamamlayıb, sonradan üstünlüyünü əldən verərək əvvəlcə qapısında 4 qol görüb, bir dəqiqə sonra hesabdakı fərqi minimuma endirib, 4-3. Son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atılan “Gənclər və İdman Nazirliyi” hücümdan yararlana bilməyib, topu ələ keçirən “KATV1” isə əks-hücüm təşkil edərək oyunda son nöqtəni qoyub, 5-3.

Bu nəticələrdən sonra qrupda vəziyyət mürəkkəbləşib. Komandaların hamısı növbəti mərhələyə çıxmaq şansını qoruyub saxlayır. Hətta hər iki oyunda məğlub olan “Gənclər və İdman Nazirliyi” üçün də heç nə bitmiş sayılmır. Bunun üçün komanda son turda “Azecolab”a qalib gəlməli və digər matçdakı nəticəni gözləməlidir. Reallaşdırılması çətin olsa da, riyazi cəhətdən mümkün olan bir missiyadır.

B qrupunda keçirilən oyunlarda həm məhsuldar, həm də müəmmalı hesablar qeydə alınıb.

Əvvəlcə meydançaya “Universal” və “Smart Systems Technology” çıxıblar. Universallar rəqiblərini 14-0 hesabı ilə əzib keçiblər. Tural Davudov pokeri, Ayaz Ayvazov isə het-triki aktivinə yazıb.

Müəmmalı hesabın qeydə alındığı oyun isə yarımçıq dayandırılan “Gate Baku”-“GESCO” matçı olub. “Gate Baku” rəqibinin qapısından 36 cavabsız top keçirib! Qollardan 22-ni İlham Babayev vurub, hərəyə dörd qol vuran Cəbrayıl İsmayılov, Rəhman İsrafilov və Vüsal Əhmədov isə poker ediblər. 36-cı qol vurulduqdan sonra matçın hakimi oyunu dayandırıb və komandalar meydançanı tərk ediblər.

“GESCO” komandası qrupdan çıxmaq şansını itirib, digər üç komanda isə iki vəsiqə uğrunda mübarizə aparacaq.

C qrupu komandaların gücləri nisbəti baxımından “ölüm qrupu” sayıla bilər. Bunu oyunlarda alınan nəticələrə və komandaların turnir cədvəlindəki yerlərinə əsasən söyləmək olar.

Bu qrupdakı hər iki qarşılaşmada həyəcanlı mübarizə və geri dönüş qeydə alınıb.

“ATL Tech”-Kapital Bank” matçında “ATL Tech” 3-0 hesabı ilə irəliyə keçib, lakin Elmir Fətəliyev bu turda da het-trik edərək komandasını məğlubiyyətdən xilas edib və yekun hesabı müəyyənləşdirib, 3-3.

“City Taxi”-“Az Logistika” qarşılaşması da oxşar ssenari ilə son anlaradək gərgin mübarizə şəraitində keçib. “City Taxi” oyunun əvvəlində 2-0 önə keçib, daha sonra “Az Logistika” bir qolun əvəzini çıxsa da “City Taxi” həmin dəqiqə fərqi yenidən iki topa çatdırıb. Bundan sonra müdafiədə daha diqqətli oynayan “Az Logistika” ikinci hissədə geri dönüş edərək 3-4 hesabı ilə əzmkar qələbə qazanıb. “Təhsil Nazirliyi”nin şənbə günü qazandığı qələbəsindən sonra “Az Logistika” bu turnirdə debüt edən komandalar arasında qələbə sevinci yaşayan ikinci komanda olub.

Nəhayət, son olaraq D qrupunun iki qarşılaşması ilə 2-ci tura yekun vurulub.

“Buta Palace” 5-1 hesabı ilə “Pullman Baku”ya qalib gəlib. Maraqla izlənən qarşılaşmada Emil Rəhimov bu turda het-trik edən növbəti oyunçu olub.

“Embawood”-“Azərkosmos” matçı isə birincilərin növbəti qələbəsi, “kosmonavtlar”ın isə ikinci məğlubiyyəti ilə nəticələnib. “Embawood” oyunboyu tam üstünlüyə malik olub və 9-1 hesablı qələbə qazanıb. Coşqun Süleymanov beş qola imza ataraq penta-trik edib. Qaliblərin heyətində həmçinin Elvin Quliyev və Vüsal Hacıyev məhsuldar oyun nümayiş etdiriblər.

Son turun qarşılaşmaları komandaların qrupdakı yerlərini müəyyən edəcək. İlk iki turda məğlub olan debütant “Azərkosmos” qrupdan çıxmaq vəzifəsini çox çətinə salıb.

Beləliklə, ikinci turun nəticələrinə əsasən beş komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bunlar “Azecolab”, “Polat Yol”, “DDLAR Group”, “Azersun” və Azergold” komandalarıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti