...

ABL Yaz Kuboku 2017/2018, 3-cü tur: Eyyub Əfəndiyevin sehirli oyunu, “kosmonavtlar”ın son dəqiqədə kosmosa uçuşu (FOTO/VIDEO)

İdman Materials 24 Aprel 2018 13:41 (UTC +04:00)
“Azərkosmos”, “Az Logistika”dan sonra növbəti mərhələyə adlayan ikinci debütant komanda olub.
ABL Yaz Kuboku 2017/2018, 3-cü tur: Eyyub Əfəndiyevin sehirli oyunu, “kosmonavtlar”ın son dəqiqədə kosmosa uçuşu (FOTO/VIDEO)

Bakı. Trend:

Şənbə günü ABL Yaz Kuboku 2017/2018 Qrup mərhələsinin sonuncu 3-cü tur oyunları start götürüb. Bəzi qruplarda 1/8 finala vəsiqəni 2-ci turda təmin etmiş komandalar qrup liderliyi uğrunda, digərlərində isə növbəti mərhələyə vəsiqə uğrunda meydana çıxıblar.

E qrupunda növbəti mərhələyə çıxmaq uğrunda mübarizə demək olar ki, ikinci turda bitmişdi. Belə ki, “DDLAR Group” və “Polat Yol” bütün oyunlarda qalib gələrək 1/8 finala vəsiqəni təmin etmişdilər. Komandalar son turda qrup liderini müəyyən etmək üçün öz aralarında oynamalı idilər, lakin “DDLAR Group” oyuna gəlməyib və texniki məğlubiyyət alaraq qrupda ikinci yeri tutub, “Polat Yol” isə qrup lideri kimi 1/8 finalda nisbətən zəif rəqiblə qarşılaşmaq fürsəti əldə edib.

Qrupdakı digər iki komanda prestij matçında qarşılaşıblar və “İteca Caspian LLC” 6-1 hesabı ilə “TreMiDa Press”i məğlub edib. Oyunun ikinci hissəsində Afiq Mirzəyev 9 dəqiqə ərzində poker etməyə nail olub.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri F qrupunda oynanılan və 1/8 finala ikinci vəsiqəni təmin edən “Banklar derbisi” olub. Xallarının sayı eyni olan rəqiblərdən “VTB” top fərqinə görə ikinci yerdə qərarlaşmışdı və qeydə alınacaq hər hansı bir bərabərlik onları növbəti mərhələyə çıxaracaqdı. Lakin “Muğanbank”la “VTB”-nin üz-üzə gəldiyi matçın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilsə də, “Muğanbank” ilk dəqiqələrdən irəli atılaraq oyunu diqtə edən tərəf olub və 6-2 hesabı ilə qalib gəlib. Rasif Səfiyarov üç qol və iki assistlə komandasının qələbəsində böyük pay sahib olub.

Digər qarşılaşmada lider “Azərsun” qrup sonuncusu “R.İ.S.K Company”ni 12-0 hesabı ilə məğlub edib. Bombardirlər yarışında İlham Babayevdən xeyli arxada qalan Eyyub Əfəndiyev bu dəfə deka-trik, yəni 10 qol vuraraq rəqibinə yaxınlaşıb və bu mövsümdə də bombardirlik iddiasında olduğunu göstərib. O, həmçinin, bir qolun da ötürməsini verərək komandasının 12 qolundan 11-də pay sahibi olub.

G qrupunda iki turdan sonra 6 xalı olan “Azərgold” 1/8 finala vəsiqəni təmin etmişdi və ikinci yerdəki “Silkway Group”dan 2 xal öndə idi, öz növbəsində 4 xalı olan “Silkway Group” üçüncü yerdəki “Gilan Holding”dən 3 xal irəlidə idi və beləliklə, “ipəkyolçular” ən azından matçlarını heç-heçə bitirməklə 1/8 finala adlayan ikinci komanda ola bilərdilər. Parallel oynanılan “Gilan Holding”-“Optimal” matçında “Gilan Holding”in qalib gələcəyi gözlənilən idi və buna görə də “Silkway Group”un taleyi öz əlində idi. Hər iki qarşılaşmada 14-cü dəqiqələr gedirdi və hesablar ”Silkway Group”-”Azərgold” 0-2, “Optimal”-“Gilan Holding” 2-2 idi. Bu anın nəticələrinə əsasən məhz “ipəkyolçular” 1/8 finala çıxan komanda olurdu. Lakin “Gilan Holding” irəliləyən dəqiqələrdə debütant “Optimal”ın qapısına qolları bir-bir sırayalaraq 2-ci yer mübarizəsində top fərqiylə önə keçib. Nəticədə “Azərgold” 3-1 hesablı qələbə sayəsində qrup lideri olub, həm də “Optimal”ı 17-4 hesabı ilə məğlub edən “Gilan Holding”ə növbəti mərhələyə adlamaqda yardımçı olub. “Gilan Holding”də Ravi Rəhmanov septa-trik, yəni 7 qol və 4 assist, Əli Abışov heksa-trik, yəni 6 qol və 3 assistlə fərqləniblər.

H qrupunda son turdan öncə qarışıq bir vəziyyət mövcud idi. “TİMSPORT” “Port of Baku”ya qalib gələcəyi təqdirdə qrupda liderliyini təmin edəcəkdi. Komandaların xallarının eyni olduğu təqdirdə əvvəlcə onların şəxsi görüşlərinin nəticəsi, sonra şəxsi görüşlərdə top fərqi və şəxsi görüşlərdə vurulan qolların sayı əsas götürüldüyünə görə, “Təhsil Nazirliyi” qrupda ikinci yeri tutmaq üçün “Təmiz şəhər”i ən az 7 top fərqi ilə məğlub etməli idi.
“TİMSPORT” “Port of Baku”yla qarşılaşmasında oyunboyu üstün oynayaraq meydançadan 16-7 hesabı ilə qalib ayrılıb. Kamil Kanayev 5 qol vuraraq bombardirlər yarışında 3-cü pilləyə yüksəlib, Orxan Hüseynov poker edib. “Port of Baku”da isə Murad İskəndərli het-trik edib.

“Təhsil Nazirliyi”-“Təmiz Şəhər” matçı isə 2-2 hesablı bərabərliklə sona yetib.
Bu nəticələrdən sonra “Təmiz şəhər” 7 xalla birinci, “TİMSPORT” isə 6 xalla ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

Bazar günü keçirilən oyunlarda bir neçə texniki məğlubiyyət qeydə alınıb.
A qrupunda keçirilməli olan “Gənclər və İdman Nazirliyi”-“Azecolab” matçı birincilərin oyuna gəlməməsi səbəbindən baş tutmayıb və reqlamentə əsasən “Azecolab” 3-0 hesabı ilə qalib elan edilərək qrup lideri olub.

“KATV1”lə “Bakcell” isə qrup ikincisini müəyyən etmək üçün meydançaya çıxıblar. “Bakcell” oyunu daha yaxşı keçirərək 4-1 hesabı ilə qalib gəlib və adını 1/8 final iştirakçılarının siyahısına yazdırıb. Qarşılaşma həm də kobudluqla yadda qalıb. Belə ki, hakim oyunçulara üç sarı kart göstərib, sön dəqiqədə isə Aleksandr Qələndərov (“Bakcell”) və Yalçın Əliyev (“KATV1”) qırmızı vərəqə alaraq meydançadan qovulublar.

B qrupunda hər iki qarşılaşmada texniki məğlubiyyət qeydə alınıb. “GESCO” komandasına iştirakçı ərizəsində adları qeyd olunmayan oyunçuları meydançaya çıxardıqları üçün, komandaya turnirin əsasnaməsinə uyğun olaraq 0-3 hesabı ilə texniki məğlubiyyət verilmişdir.. “Universal” 3-0 hesabı ilə qalib elan edilərək qrupda 2-ci yeri tutub.

Eyni hal “Gate Baku”-“Smart Systems Technology” matçında da yaşanıb. “Gate Baku” rəqibin oyuna gəlməməsi səbəbindən 3-0 hesabı ilə qalib elan edilib və yekun nəticədə qrupu 1-ci yerdə tamamlayıb.

“Ölüm qrupu” olan C qrupunda iki turdan sonra qrup lideri olan “Kapital Bank”a növbəti mərhələyə adlamaq üçün “City Taxi” ilə matçda bir xal kifayət edirdi. Lakin “City Taxi”nin bu oyunla bağlı öz planları və hədəfləri var idi və onlar daha istəkli idilər ki, bu da matçda öz əksini tapıb. “City Taxi” 3-1 hesabı ilə “Kapital Bank”ı məğlub edərək 2-ci yerlə növbəti mərhələyə adlaya bilib. İki qol vuran Fərid Səttarzadənin komandasının qələbəsində böyük əməyi olub.

“Az Logistika”-“ATL Tech” matçında birincilər bir ilkə imza ataraq növbəti mərhələyə adlayan debütant komanda olmaq arzuyla oyuna çıxıblar. Və buna oyunları və istəkləri ilə nail olublar. Daha təcrübəli komanda olan “ATL Tech”i 6-3 hesabı ilə məğlub edən “Az Logistika” üstəlik qrupu lider tamamlayıb. Toğrul İsmayılzadə het-trik etməklə bu qələbənin baş memarı olub. “ATL Tech” isə məğlubiyyətə və qrupda sonuncu yer tutmasına baxmayaraq çempionatın rəngli komandalarından biri olub. Xüsusilə də ikinci turda göstərdikləri oyun və Rəfail Vəliyevin dabanla vurduğu iki qol turnirin gözəl anlarından olub.

Nəhayət, D qrupunda son saniyələrə qədər inanılmaz bir mübarizə yaşanıb və qrup ikinciliyinin taleyini son dəqiqədə vurulan qol həll edib. Eyni vaxtda start götürən matçlarda onlayn rejimdə “Pullman Baku”, “Buta Palace” və “Azərkosmos” növbə ilə 2-ci pillədə bir-birlərini əvəz ediblər.

Xronoloji ardıcıllıqla izlədikdə matçların əsl triller süjeti ilə keçdiyi aydın olub.

1-ci dəqiqə. “Buta Palace” “Azərkosmos”la matçda hesabı açıb, parallel keçirilən “Embawood”-“Pullman Baku” matçında isə sakitlikdir, 0-0. Bu an etibarı ilə “Buta Palace” qrupda ikinci yerə yüksəlib.

3-cü dəqiqə. “Azərkosmos” hesabı bərabərləşdirib, 1-1. “Buta Palace” və “Pullman Baku” 4 xala malikdirlər, lakin öz aralarındakı oyunda “Buta Palace” 5-1 hesabı ilə qalib gəldiyinə görə yenə də ikinci yerdə qərarlaşıb.

Daha sonra 15-ci dəqiqəyə qədər “Embawood”-“Pullman Baku” qarşılaşmasında qrup lideri “Embawood” iki dəfə hesabda önə keçib, lakin “Pullman Baku” hər iki halda hesabı bərabərləşdirə bilib. Bu qrupdakı yerdəyişməyə təsir etməyib, “Buta Palace” hələ də qrupda ikinci yeri tutub.
23-cü dəqiqə. “Azərkosmos”lu Sənan Həsənov komandasını hesabda irəli çıxarıb, 2-1. Bu isə o deməkdir ki, “Pullman Baku” 4 xalla ikinci yerə yüksəlib, “Buta Palace” 2-ci yerdən 4-cü yerə enib.

Birinci hissələr bu cür sona yetib və ikinci hissədə hadisələr daha da maraqlı olub.

31-ci dəqiqə. “Azərkosmos” daha bir qol vuraraq hesabı 3-1 edib. Parallel matçın 32-ci və 34-cü dəqiqələrində “Embawood” iki qol vuraraq 4-2 hesabı ilə irəli keçib. Bu an etibarı ilə, “Embawood” 9 xalla qrupda 1-ci yerdə möhkəmlənib. Digər üç komandanın hər birinin 3 xalı olub və öz aralarındakı görüşlərdə top fərqinə görə “Buta Palace” yenidən 2-ci pilləyə yüksəlib, “Azərkosmos” sonuncu yerə düşüb. Bundan sonra “Embawood”-“Pullman” matçında “Embawood”un qalib gələcəyi ehtimalı yüksək olduğundan matçın yekun nəticəsinin “Azərkosmos”-“Buta Palace” matçına təsiri itib və qrup ikincisini “Azərkosmos”la “Buta Palace”ın vuracaqları qollar müəyyən edib.
41-43-cü dəqiqələr arasında “Azərkosmos” daha bir qol vuraraq hesabı 4-1-ə çatdırıb, sonra “Buta Palace” fərqi azaldıb, lakin “kosmonavtlar” yenə fərqi 3 topa çatdırıblar, 5-2. Bu qollardan sonra da qrupda ciddi yerdəyişmə baş verməyib, yalnız “Azərkosmos” və “Pullman” növbə ilə öz aralarında 3-cü və 4-cü yerləri dəyişiblər.

48-ci dəqiqə. “Azərkosmos”un ən parlaq oyunçusu Qəzənfər Ağayev dördüncü qolunu vuraraq hesabı 6-2 edib və bir anda qrupda hər şey alt-üst olub. Bu qol sayəsində “kosmonavtlar” ikinci yerə yüksəliblər, “Buta Palace” isə 3-cü yerə enib.

50-ci dəqiqə. “Buta Palace” toplardan birinin əvəzini çıxıb, 6-3. Bu hesab onları yenidən 2-ci pilləyə yüksəldib, “Azərkosmos” isə bir dəqiqədən sonra yenidən 2-ci pillədən 3-cü pilləyə düşüb.

Matçın son saniyələrində “Azərkosmos” irəli atılaraq son cəhdini edib və futbolsevərlərə unudulmaz bir an yaşadıb. Komandanın təşkil etdiyi hücum zamanı Qəzənfər Ağayevin ötürməsini Böyükbəy Vəzirov qolla bitirib və bu qol qrupda həlliedici olub. 7-3 hesabı ilə qalib gələn “kosmonavtlar” bu qolun sayəsində qrupda ikinci yerə yüksəliblər və 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Bu o qədər gözlənilməz baş verib ki, hətta komandanın oyunçuları növbəti mərhələyə çıxdıqlarından xeyli müddət xəbərsiz olublar.

Oyunların yekun nəticələri belə olub:

“Embawood”-“Pullman Baku” 5-3. “Embawood”un bütün qollarını Elvin Quliyev vuraraq penta-trik edib.

“Azərkosmos”-“Buta Palace” 7-3. Qəzənfər Ağayev poker edib və iki qolun assistenti olub.

Bununla da, “Azərkosmos”, “Az Logistika”dan sonra növbəti mərhələyə adlayan ikinci debütant komanda olub.

Beləliklə, qruplarda birinci yerləri tutan və 1/8 finala vəsiqə qazanan komandalar bunlar olub – Azecolab, Gate Baku, Az Logistika, Embawood, Polat Yol, Azersun, Azergold, Təmiz şəhər. Bu komandalar 1/8 finalda qruplarda ikinci yerləri tutmuş komandalarla qarşılacaqlar və cütlüklər püşkatma ilə müəyyən ediləcək. İkinci yerləri tutan komandalar isə bunlar olub – Bakcell, Universal, City Taxi, Azərkosmos, DDLAR Group, Muğanbank, Gilan Holding, TİMSPORT.

Qrup mərhələsinin 3-cü turundan ən maraqlı görüntüləri cümə axşamı saat 00:00-da ATV telekanalının efirində yayımlanacaq icmalda izləməyi unutmayın.

Turun nəticələri və qrup mərhələsinin yekun statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti