Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.
Trend-in məlumatına görə, turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.
Yarışların ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.
Ötən gün Azərbaycanın gimnastika yığması qrup hərəkətlərində finala yüksəlib. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasileva təsnifatda 17,150 xal yığaraq altıncı yerə çıxıblar ki, bununla da finala düşməyə müvəffəq olublar.
Fərdi yarışlarda isə bu gün Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.
Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.
Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.