Bakı. Trend:
Bu gün İtaliyanın Siyene şəhərində start götürmüş Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib.
Trend-in məlumatına görə, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığmamızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha çox fərqləniblər.
Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyunundan razı qalmasını bildirib.
Prezident İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəticəsində ölkəmizdə polo idman növünün son illərdə xüsusilə böyük sürətlə inkişaf etməsini vurğulayan N.Orucov Niderland kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının ciddi əhəmiyyətini qeyd edib və buna görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdarlığını ifadə edib.
Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı 30 sentyabr 2018-ci il tarixədək davam edəcək. Yarış təqviminə uyğun olaraq Azərbaycan yığma komandası 22 sentyabr tarixində Fransa, 26 sentyabr tarixində Slovakiya, 28 sentyabr tarixində İrlandiya yığmaları ilə görüşəcək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq