...

Avropa Badminton Konfederasiyası: Bakıda badminton üzrə beynəlxalq turnir ən yüksək səviyyədə təşkil olunacaq

İdman Materials 28 Sentyabr 2018 11:03 (UTC +04:00)
Avropa Badminton Konfederasiyasının Baş katibi Brayan Aqerbak Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Avropa Badminton Konfederasiyası: Bakıda badminton üzrə beynəlxalq turnir ən yüksək səviyyədə təşkil olunacaq

Bakı. Trend:

Avropa Badminton Konfederasiyasının Baş katibi Brayan Aqerbak Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Trend-in məlumatına görə, Brayan Aqerbak müsahibəsində növbəti il Bakıda keçiriləcək "Azerbaijan International 2019" turnirindən və gələcəkdə Avropa və ya dünya çempionatının ölkəmizdə keçirilmə perspektivindən danışıb:

"Növbəti il Bakıda keçiriləcək turnirdən gözləntilərimiz böyükdür. Mən ilk Avropa Oyunları zamanı Bakıda oldum. Azərbaycanın böyük və nüfuzlu idman tədbirlərini necə yüksək səviyyədə təşkil etdiyinin əyani şahidi oldum. Bu mənada böyük təcrübə və hazır idman infrastrukturu var. Avropa Oyunlarından da miras qalıb. Azərbaycan Badminton Federasiyası inkişaf edir və bu cür böyük idman yarışlarını təşkil etməyə hazırdır. Avropa Oyunlarında qazanılan böyük təcrübə bu kimi idman tədbirlərinin təşkilində mühüm rol oynayır. Düşünürəm ki, badminton üzrə beynəlxalq turnir də ən yüksək səviyyədə təşkil olunacaq. İnfrastruktur və böyük beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, gələcəkdə Bakıda badminton üzrə Avropa və dünya çempionatı keçirilə bilər".

Brayan Aqerbak xüsusilə qeyd edib ki, Azərbaycanda idmana böyük diqqət ayrılır: "İlk Avropa Oyunlarından sonra azərbaycanlı badmintonçular beynəlxalq turnirlərdə yaxşı mübarizə aparırlar. Azərbaycan Badminton Federasiyası Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir. Ümumi əməkdaşlığa dostcasına töhfə verir. Azərbaycan Badminton Federasiyası Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram".

Xatırladaq ki, "Azerbaijan International 2019" beynəlxalq badminton turniri növbəti ilin 6-9 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti