...

Atletimiz dünya birinciliyinin bürünc medalçısı oldu (FOTO)

İdman Materials 14 Mart 2019 09:54 (UTC +04:00)

Bakı. Trend:

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb.

Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 bürünc medal - 1 böyük, 4 kiçik - var. Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti