...

“Bakı 2019”un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşib

İdman Materials 26 İyul 2019 20:52 (UTC +04:00)
İyulun 26-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında beş alət üzrə hərəkətlərdə qaliblər müəyyənləşib.
“Bakı 2019”un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşib

Bakı. Trend:

İyulun 26-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında beş alət üzrə hərəkətlərdə qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.

İdman gimnastikası yarışlarının dördüncü günündə kişilər sərbəst hərəkətlər, dəstəli at, halqalarda, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda yarışıblar.

Kişilər arasında dəstəli at yarışlarında uğurla çıxış edən gimnastımız Səməd Məmmədli 13,600 xal toplayıb. O, bu nəticə ilə gümüş medala sahib olub. Ukrayna təmsilçisi Nazar Çepurnı 13,900 xalla yarışın qızıl medalını qazanıb. Digər Ukrayna idmançısı Volodimir Kostyuk 13,533 xalla ilk üçlüyü tamamlayıb.

Sərbəst hərəkətlərdə Ukrayna idmançıları ilk iki pillədə qərarlaşıblar. N.Çepurnı 14,300 xalla qızıl, İlya Kovtun isə 14 xalla gümüş medal əldə ediblər. Rusiyalı İvan Kulyak 13,966 xalla yarışı üçüncü pillədə başa vurub. Gimnastımız S.Məmmədli isə 13,733 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

Rusiyalı Muhammadjon Yakubov 13,500 xalla halqalarda birinci olub. Ukrayna təmsilçisi N.Çepurnı (13,466 xal) gümüş, rusiyalı İ.Kulyak (13,333) bürünc medal əldə ediblər.

Qadınların dayaqlı tullanma yarışlarında Rusiya təmsilçisi Viktoriya Listunova 14,166 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Anastasiya Motak (14,016 xal) və Rumıniya gimnastı Silviana-Mariya Sfirinqu-Qeorq (13,983) ilk üçlüyü tamamlayıblar.

Rusiya təmsilçisi V.Listunova müxtəlif hündürlüklü qollarda da uğurla çıxış edərək 14,300 xalla bütün rəqiblərini qabaqlamağı bacarıb. Digər Rusiya idmançısı İrina Komnova 13,733 xalla gümüş medal qazanıb. Rumıniya təmsilçisi İoana Stanciulesku 13,366 xalla festivalın bürünc medalına sahib olub.

Festivalın sonuncu günündə - iyulun 27-də kişi gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti