...

“Tokio-2020”də Azərbaycan komandasının üzvlərinin idman geyiminin təqdimatı olub

İdman Materials 13 İyul 2021 20:52 (UTC +04:00)

Bakı. Trend:

“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin iyulun 13-də təqdimatı olub.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Tokio-2020” Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx yayımlanıb.

Ç.Hüseynzadə, İ.İsmayılov və F.Hacıyev mərasimdə çıxış edərək komandamızın Olimpiadaya tam hazır olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın “Tokio-2020”yə qalib ölkə kimi qatıldığı, idmançılarımızın qələbə qazanacaqları təqdirdə “Zəfər günləri” tədbirinin təşkil olunacağı, yığmamızın ilk dəfə iştirak etdiyi Atlanta Yay Olimpiya Oyunlarının 25 illiyi münasibətilə filmin hazırlandığı da vurğulanıb.

Səfir C.Vada Yaponiyanın Olimpiya Oyunlarına tam hazır olduğunu deyib, Azərbaycanda idmanın inkişafından danışıb və milli komandamızın Olimpiadada uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonda Azərbaycanın Olimpiya komandasının idman geyiminin təqdim olub. Azərbaycanın milli-mənəvi dəyərlərinə əsasən hazırlanan dəstdə milli ornament olan şəbəkədən istifadə edilib. Geyimi modellərlə yanaşı, komandamızın bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunacaq.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti