Tərtər. Trend:
Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə bilər. Bununla bağlı artıq işlər aparılır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.
"Bizim idmançılar üçün böyük bir stimuldur ki, belə bir tədbir Qarabağda keçirildi. Prezident cənab İlham Əliyevə buna görə təşəkkürümüzü bildirirəm. Bundan sonra gənclərimiz bu soyuq havaya baxmayaraq, məşqləri burada keçirir. Artıq bundan sonra da tez-tez burada məşqlərin keçirilməsi nəzərdə tutulur. Ən böyük hədəflərimizdən biri yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışların burada keçirilməsinə nail olmaqdır. Konkret olaraq, bu, may ayında nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat veriləcək", - deyə o qeyd edib.