...

Gimnastımız Zöhrə Ağamirova Ümumdünya Yay Universiadasında iştirakı haqqında - Hamı məndən medal gözləyirdi

İdman Materials 2 Avqust 2023 21:40 (UTC +04:00)
Gimnastımız Zöhrə Ağamirova Ümumdünya Yay Universiadasında iştirakı haqqında - Hamı məndən medal gözləyirdi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Çendu şəhərində keçirilən XXXI Dünya Yay Universiadasında hamı məndən medal gözləyirdi.

Bu barədə Trend-ə Azərbaycan gimnastı Zöhrə Ağamirova Vətənə qayıdandan sonra deyib.

Gimnastımızın aktivində artıq Universiada mükafatları var idi, 2019-cu ildə Neapolda (İtaliya) keçirilən XXX Yay Universiadasında Z.Ağamirova gürzlərlə hərəkətdə və çoxnövçülükdə gümüş medallara layiq görülüb.

Onun sözlərinə görə, bununla bağlı builki yarışlarda hamı ondan mükafat gözləyirdi:

"Psixoloji baxımdan mənə bir az çətin idi, məsuliyyət hiss edirdim. Yarışlarda köklənməyə və yaxşı çıxış etməyə çalışırdım. Yarışın ilk iki günü məni tam qane etmədi, topla hərəkətdə səhv etdim. Halqa və gürzlərlə hərəkətlər üzrə təsnifat mərhələsi heç bir səhv olmadan yaxşı keçdi. Finallarda yaxşı çıxış etdim. Düşünürəm ki, finalda ən yaxşı proqramım gürzlərlə hərəkətlər olub", - deyə idmançı bildirib.

Azərbaycanlı gimnast onu da qeyd edib ki, bu, onun Çinə ilk səfəri olub:

"Yarışlar yüksək səviyyədə keçirildi. Adaptasiya dövrü mənim üçün bir az çətin keçdi, amma məşqdən sonra özümü toparlaya bildim. Universiadada mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm".

Z.Ağamirova əlavə edib ki, gələcəkdə avqustun 23-27-də İspaniyada keçiriləcək dünya çempionatında iştirak edəcək:

"Çempionatda məqsədim finala çıxmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaqdır".

Xatırladaq ki, bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü Zöhrə Ağamirova XXXI Ümumdünya Yay Universiadasında üç medal – halqa və gürzlə hərəkətlərdə iki gümüş medal, lentlə kompozisiyaya görə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti