Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən matçlar növbəti bildirişə qədər İsraildə oynanılmayacaq.
Trend xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.
“Bütün İsrail ərazisi üzrə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın icraiyyə komitəsi qərara gəlib ki, təşkilatın himayəsi altında keçirilən turnirlərin matçları növbəti xəbərdarlığa qədər ölkə ərazisində keçirilməyəcək”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.