Bakı. Trend:
Xocalı soyqrımının 32-ci ildönümü ilə əlaqədar yürüş təşkil olunub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər 9 km məsafə qət ediblər.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi,
Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri
Federasiyası tərəfindən təşkil olunan yürüşə qardaş ölkənin
İstanbul, Antalya, Qars, Ağrı, Elazığ və İğdır bölgələrindən gələn,
aralarında peşəkar və həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə
də 10 nəfər yerli ekstrimsevər qatılıb. Çətin relyefdə
iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin
idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları
da aksiyaya cəlb ediliblər.
İştirakçılar tərəfindən 2415 m yüksəklikdə – Haçadağın zirvəsində
Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri
yad edilib, hər iki ölkənin dövlət himni ifa olunaraq
Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar
səsləndirilib. Yürüş başa çatdıqdan sonra iştirakçılara
təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, alpinist qrupları üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin, eləcə də Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Bundan əlavə, qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına baş çəkiblər.