Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti matçları keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edib. Autsayderlərin duelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşib. 0:1 hesabı ilə uduzan “Qəbələ”nin son pilləni tutacağı rəsmiləşib.
“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşüb. "Ağ-qaralar" çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanıblar. Qərblilərin isə avrokubok zonasına düşmək şansı minimuna enib.
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gəlib. Çempionluğu təmin edən Ağdam klubunun son turlardakı uğursuzluğu davam edib. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan Samir Abasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqə yolunda vacib 3 xal qazanıb.
Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.