Bakı. Trend:
Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub.
Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Təmsilçilərimizin II təsnifat mərhələsindəki cütləri qalibi ilə qarşılaşacağı duelləri tanıyıblar.
“Sabah”la Hayfa “Makkabi”sinin cütünun qalibi “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundda səfərdə oynayacaq.
“Zirə”nin “Dunayska Ştreda” ilə mübarizəsində sevinəcək tərəf “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasa, növbəti raunda səfərdə başlayacaq.
“Sumqayıt”ın “Fehervar”la mübarizəsində qalib gələcək komanda “Omoniya” (Kipr) – “Torpedo” Kt (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsə, III təsnifat mərhələsinə səfərdə start verəcək.
Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.