Paris. Trend:
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
xxx
19:17
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı medallarının sayı 50-yə çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Paris-2024-də finala adlayan Hidayət Heydərovun təmin etdiyi mükafat yubiley xarakteri daşıyıb.
İlk dəfə Atlanta-1996-da iştirak edən millimiz arxada qalan yeddi Olimpiadada 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıb. Parisdəki uğur bu mükafatların ümumi sayını 50-yə yüksəlib.
Hidayət cüdo yığmamızın aktivinə 6-cı medalı gətirib. Bunadək tatamı ustalarımız 1 qızıl, 2 gümüş və 2 bürünc əldə edib. 6-cı mükafatın əyarı Heydərovdan asılı olacaq.
Qeyd edək ki, 73 kq çəkidə çıxış edən cüdoçumuz final qarşılaşmasını bu gün keçirəcək.
xxx
15:35
Paris 2024 Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.
Trend xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.
Kanadalı idmançıya qalib gələn Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.
XXX
14:00
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşündə qələbə qazanıb.
Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.