Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada "Moscow Karate Universe-2024" beynəlxalq karate yarışı baş tutub.
Trend xəbər verir ki, Azərbaycan Karate Federasiyasından İdman.biz-ə verilən məlumata əsasən, komandamız bu turnirdə ümumilikdə 5 medal əldə edib.
Şəxsi kumite yarışlarında Fidan Teymurova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Əminağa Quliyev (-60 kq) və Hüseyn Məmmədli (-67 kq) bürünc, kata yarışında isə Roman Heydərov gümüş medal qazanıb.
Karateçilərimiz yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə qatılıb.
Qeyd edək ki, bu beynəlxalq yarışda 15 ölkədən, o cümlədən Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Venesuela, Tunis, Misir, Özbəkistan və Hindistandan 350-yə yaxın karateçi iştirak edib.