Bakı. Trend:
Fransanın “Lion” klubu hücumçu Endrikin cari mövsümün sonuna qədər “Real Madrid”dən icarəyə götürüldüyünü rəsmən açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.
Açıqlamada bildirilir ki, “Lion” dekabrın 29-da komanda ilə məşqlərə başlayacaq Endriki heyətdə görməkdən məmnundur və transferin reallaşmasına imkan verən səmərəli danışıqlar və əməkdaşlığa görə “Real Madrid” klubuna təşəkkür edir.
Qeyd olunur ki, daha əvvəl KİV 19 yaşlı hücumçunun icarə müqaviləsində “Lion” üçün satınalma variantının nəzərdə tutulmadığını yazmışdı. Fransa klubu futbolçunun maaşının bir hissəsini ödəməyə razılıq verib.
Cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə üç oyunda iştirak edib və meydanda ümumilikdə 99 dəqiqə keçirib. Endrikin “Real Madrid”lə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, oyunçunun bazar dəyəri 25 milyon avro təşkil edir.
