Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatının bağlanış və qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və şahmat mütəxəssisləri iştirak ediblər.
Trend xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Çıxışlarda ölkədə şahmatın inkişafı və gənc istedadların uğurları xüsusi vurğulanıb.
Gərgin mübarizənin sonunda kişilər arasında Məhəmməd Muradlı, qadınlar arasında isə Ülviyyə Fətəliyeva bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu tituluna yiyələniblər.
Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edib. Bunun 62 min manatı kişilər, 30 min manatı isə qadınların çempionatının qalib və mükafatçıları arasında bölüşdürülüb.
