Bakı. Trend:
Şimali Makedoniyada kütləvi güllələmə törətmək istəyən 20 yaşlı gənc saxlanılıb.
Trend xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxsin 2012-ci ildə ABŞ-də məktəbdə baş vermiş qırğına bənzər terror aktı törətmək planı olub.
Paytaxt Skopye yaxınlığında keçirilən əməliyyat zamanı iki nəfər – gənc və onun 89 yaşlı babası saxlanılıb. Axtarış zamanı onların yaşadığı evdən çoxlu sayda odlu və soyuq silah, elektron avadanlıq və döyüş sursatı aşkar edilib.
Əməliyyat ABŞ kəşfiyyat orqanlarının ötürdüyü məlumat əsasında həyata keçirilib.
Qeyd edək ki, 2012-ci ildə ABŞ-nin Konnektikut ştatında yerləşən Sandy Hook Elementary Schoolda baş vermiş silahlı hücum nəticəsində 26 şagird və müəllim həlak olub.
