Azərbaycanın ABŞ-dəki Səfirliyi Vaşinqtonda baş verən təxribatla bağlı bəyanat yaydı

Siyasət Materials 20 Fevral 2026 17:36 (UTC +04:00)
Azərbaycanın ABŞ-dəki Səfirliyi Vaşinqtonda baş verən təxribatla bağlı bəyanat yaydı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.

Bildirilir ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlmiş hücum aktları həyata keçiriblər.

Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.

Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub.

“Beləliklə, ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edirik.

Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Xəbərləri yayarkən məsuliyyətli davranmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmaqdan çəkinməyə çağırış edirik”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti