Bakı. Trend:
bp və tərəfdaşlarının dəstəyi ilə nəşr edilən “Vəkillik fəaliyyəti” kitabı Azərbaycanda vəkillik institutunun formalaşmasına, eləcə də vəkil institutunun inkişafına mühüm töhfə verəcək.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bu gün bp və tərəfdaşlarının dəstəyi ilə nəşr olunan yeni hüquq kitabının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, hüquqi mübahisələrdə və ümumilikdə cəmiyyətdə hüququn effektivliyi, ilk növbədə, hüquq sahiblərinin ona nə dərəcədə sahib çıxmasından asılıdır. “Əgər vətəndaşlar öz hüquqlarını müdafiə etmirlərsə, hüquqi mexanizmlərin təsiri də zəifləyir. Bu baxımdan vəkillik fəaliyyətinin dəyəri düşündüyümüzdən qat-qat yüksəkdir”, – deyə Q. Novruzov vurğulayıb.
O qeyd edib ki, dövlət müəssisələri, ictimai qurumlar və hüquqi şəxslər müxtəlif resurslara – sanksiya imkanlarına, inzibati resurslara və hüquqi alətlərə malikdirlər. Lakin vətəndaşın öz hüquqlarını müdafiə edə bilməsi üçün peşəkar hüquqi dəstəyə ehtiyacı var. “Məhz bu hüquqi dəstək mexanizminin formalaşdırılması missiyasını vəkillik fəaliyyəti həyata keçirir”, – deyə o əlavə edib.
