...

"MOL Group" 2025-ci ildə AÇG-nin işlənməsi üzrə kapital xərclərin ümumi həcmini açıqladı

Energetika Materials 21 Fevral 2026 11:24 (UTC +04:00)
"MOL Group" 2025-ci ildə AÇG-nin işlənməsi üzrə kapital xərclərin ümumi həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsinə yönəltdiyi kapital xərcləri 2025-ci ilin dördüncü rübündə 32,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 27,9 milyon dollar olub.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, AÇG üzrə kapital xərcləri illik müqayisədə 16,5 faiz artıb.

2025-ci ilin yekunlarına əsasən, “MOL Group”un AÇG üzrə ümumi kapital xərcləri 109,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ildəki 114,7 milyon dollarla müqayisədə 4,5 faiz azdır.

Azərbaycanda kəşfiyyat işlərinə çəkilən kapital xərcləri 2025-ci ilin dördüncü rübündə 1,5 milyon dollar olub və 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyib. 2025-ci ilin yekununda isə bu göstərici əvvəlki ildəki 5,2 milyon dollara qarşı 8,7 milyon dollara çatıb.

Şirkətin Azərbaycandakı digər xərcləri 2025-ci ildə 5,1 milyon dollar təşkil edib.Müqayisə üçün bu rəqəm 2024-cü ildə 3,8 milyon dollar olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə bp və onun birgə fəaliyyət üzrə tərəfdaşlarının AÇG layihəsi çərçivəsində əməliyyat xərcləri təxminən 564 milyon ABŞ dolları, kapital xərcləri isə təxminən 1,288 milyard ABŞ dolları təşkil edib.

2024-cü ildə AÇG üzrə əməliyyat və kapital xərcləri müvafiq olaraq 535 milyon və 1,293 milyard dollar təşkil edib. Beləliklə, əməliyyat xərcləri illik müqayisədə 5,4 faiz artıb, kapital xərcləri isə 0,4 faiz azalıb.

“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış edir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:

bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 2,92%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti