Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda bir sıra Avropa vətəndaşlarına qarşı tətbiq edilmiş sanksiyaların ləğvini xahiş edib.
Trend xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti yazıb.
Məsələ əsasən Avropanın daxili bazar üzrə keçmiş komissarı Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikolas Giyu ilə bağlıdır.
Qəzetin sitat gətirdiyi məktubda Makron administrasiyanın qərarlarına yenidən baxılmasını və Nikolas Giyu ilə Tyerri Bretona qarşı ədalətsiz hesab etdiyi sanksiyaların ləğv olunmasını xahiş edib.
Nəşrin yazdığına görə, ABŞ daha əvvəl Breton və Vaşinqtonun amerikalılara qarşı senzura cəhdlərində iştirak etdiyini düşündüyü bir neçə şəxsə viza məhdudiyyətləri tətbiq etmişdi. Keçmiş Avropa komissarı, xüsusilə, Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununun əsas təşəbbüskarlarından biri kimi göstərilir.
Makron bildirib ki, Tyerri Bretona qarşı tətbiq edilən sanksiyalar Avropa qanunvericiliyinin müstəqilliyinə zərbə vurur və yanlış yanaşmaya əsaslanır. Onun sözlərinə görə, Avropanın rəqəmsal tənzimləmə mexanizmi ekstraterritorial xarakter daşımır və ayrı-seçkilik olmadan həyata keçirilir.
Fransa Prezidenti, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs orderi çıxarmasından sonra ABŞ-nin Giyuya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib. O hesab edir ki, bu addım məhkəmə müstəqilliyi prinsipinə və BCM-in mandatına xələl gətirir.
Qəzetin məlumatına görə, Makron Fransanın xarici işlər naziri Jan-Noel Barroya ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşnerin XİN-ə çağırılması barədə göstəriş verib. Çağırışın səbəbi açıqlanmasa da, qeyd olunur ki, diplomat daha əvvəl Dövlət Departamentinin “X” platformasında sağçı fəal Kanten Derankın ölümü ilə bağlı araşdırma aparılması çağırışını paylaşmışdı.