...

Azərbaycan və Özbəkistan arasında investisiya portfelinin həcmi açıqlandı (ÖZƏL)

İqtisadiyyat Materials 21 Fevral 2026 11:37 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında investisiya portfelinin həcmi açıqlandı (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasındakı mövcud investisiya portfeli ümumilikdə 3,4 milyard dollar məbləğində 30-a yaxın layihəni ehtiva edir.

Bunu Özbəkistanın Azərbaycandakı səfirinin ticari-iqtisadi məsələlər üzrə müşaviri Sancar Mahmudov Bakıda keçirilən “Özbəkistan-Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası” mövzusuna həsr olunan dəyirmi masa çərçivəsində Trend-ə açıqlamasında bildirib.

“Biz təxminən 10 milyard dollar həcmində yeni layihələr paketinin formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişik. Hazırda layihə razılaşdırılma mərhələsindədir”, – deyə o qeyd edib.

Sancar Mahmudovun sözlərinə görə, gələcək paket iqtisadiyyatın və sənaye kooperasiyasının demək olar ki, bütün sahələri ilə bağlı geniş spektrı əhatə edəcək.

“Biz Azərbaycana tekstil məhsullarının ixracını genişləndirmək istəyirik. Bu il ixrac həcmini 50 milyon dollara çatdırmağı planlaşdırırıq. Ötən il isə tədarükün həcmi təxminən 30 milyon dollar təşkil edib”, – deyə o bildirib.

Bundan əlavə, diplomat kənd təsərrüfatı məhsulları üzrə yeni ticarət evinin açılması planları barədə də məlumat verib. Həmin məkanda özbək istehsalçılarının məhsulları təqdim olunacaq.

“Bir başqa layihə Ağdamda tikinti materialları üzrə ticarət evinin yaradılması ilə bağlıdır”, – deyə Sancar Mahmudov əlavə edib.

O vurğulayıb ki, ilkin mərhələdə ticarət evində mebel, elektrik avadanlıqları və tikinti materialları təqdim ediləcək, sonrakı mərhələdə isə həmin platformada sənaye kooperasiyasının inkişafı nəzərdə tutulur.

Nəqliyyat istiqamətindən danışan müşavir Xəzərdə öz nəqliyyat infrastrukturunun formalaşdırılmasının strateji vəzifə olduğunu qeyd edib.

“Əsas hədəfimiz Xəzər dənizində fəaliyyət göstərəcək öz gəmimizin olmasıdır. Mümkün satınalma məsələsi ilə bağlı Bakı Gəmiqayırma Zavodu ilə fəal əməkdaşlıq edirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, yaxın bir-iki il ərzində özbək donanmasının fəaliyyətə başlaması yükdaşımaların genişlənməsinə və hər iki ölkənin tranzit potensialının gücləndirilməsinə ciddi təkan verə bilər.

“Hazırda layihə yekun işlənmə mərhələsindədir”, – deyə Sancar Mahmudov yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti