...

Azərbaycan və Ukrayna birgə müəssisə yaratdı - gəmilərlə bağlı (FOTO)

İqtisadiyyat Materials 13 Dekabr 2016 15:03 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər.
Azərbaycan və Ukrayna birgə müəssisə yaratdı - gəmilərlə bağlı (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər.

Bu barədə Trend-ə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məlumat verilib.

“Xəzər Dəniz Mühəndisliyi Bürosu”nun yaradılması haqqında sazişi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Odessa Dəniz Mühəndisliyi Bürosu”nun direktoru Gennadi Yeqorov imzalayıblar.

Gəmiçilik və gəmiqayırma sahəsində yüksək keyfiyyətli, elmi biliklərə əsaslanan layihələrin hazırlanması ilə tanınan “Odessa Dəniz Mühəndisliyi Bürosu” həm də kompleks elmi tədqiqatları həyata keçirir. Büronun indiyədək hazırladığı 86 layihə üzrə ümumilikdə 307 müxtəlif təyinatlı gəmi inşa edilib. Bütün layihələr gəmiçilik şirkətləri üçün iqtisadi səmərəlilik, təhlükəsizlik, insan həyatının və ətraf mühitin qorunmasını nəzərdə tutan beynəlxalq konvensiyaların tələblərinə uyğun reallaşdırılıb. Bu layihələr Böyük Britaniya Krallığının Gəmi Mühəndisləri Cəmiyyəti (RİNA), ABŞ-ın Gəmiqayırma və Dəniz Mühəndisləri Cəmiyyəti(SNAME), Dəniz qurğuları və gəmi gövdələrinin layihələdirilməsi üzrə Beynəlxalq Komitə (ISSC 2018) kimi beynəlxalq təşkilatların üzvü, Ukrayna Nəqliyyat Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Gennadi Yeqorovun rəhbərliyi ilə gerçəkləşdirilib.

İmzalanma mərasimində Rauf Vəliyev yeni müəssisənin Azərbaycanda dənizçilik sahəsində müasir mühəndislik mərkəzi olacağını bildirib. Onun sözlərinə görə, belə bir müəssisənin yaradılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün mühüm addımdır.

Yeni yaradılan “Xəzər Dəniz Mühəndislik Bürosu” layihə-konstruktor işləri, eyni zamanda, müxtəif təyinatlı gəmi layihələrinin hazırlanması, gəmilərin və üzən qurğuların təmiri, modernləşdirilməsi və istismarı üçün zəruri texniki sənədlərin işlənməsi, bu sahədə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirəcək. Birgə müəssisə proqram təminatı və məlumat bazalarının yaradılmasını da təşkil edəcək.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu”nun mütəxəssislərinin uzunmüddətli texniki müzakirələri nəticəsində hazırlanan layihələrə əsasən cari ilin oktyabr və noyabr aylarında Bakı Gəmiqayırma Zavoduna 2 unikal Ro/Pax gəmi-bərənin və 2 tankerin tikintisi sifariş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti